Azərbaycanlı alim: “Azərbaycanda indiki Ermənistan ərazisinin Azərbaycanın tarixi əraziləri olduğunu sübut edən 20-dək elmi mənbə var”
“Azərbaycanda indiki Ermənistan ərazisinin, yəni Qərbi Azərbaycan torpaqlarının Azərbaycanın tarixi əraziləri olduğunu sübut edən 20-dək elmi mənbə var”. Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi və şöbə müdiri Əziz Ələkbərli deyib. Onun sözlərinə görə, bu mənbələrdən ən qiymətlisi XIII əsrin sonlarında Stepan Orbeliyanın 600 səhifə həcmində qələmə aldığı, Göyçə, Dərələyəz və Zəngəzurun tarixindən bəhs edən “Sünik tarixi” əsəridir: “Orbeliyan özü alban olub. Bəzi mənbələrdə onun “Kitabi-Dədə Qorqud” dastanının I boyundakı Dirsə xanın kiçik oğlu olduğu qeyd edilir. Azərbaycanda bu əsərin 1859-cu ildə Parisdə nəşr olunan fransız dilində nüsxəsi var. Həmin əsər Qərbi Azərbaycan torpaqlarının tarixən ermənilərə deyil, azərbaycanlılara aid olduğunu tam şəkildə sübuta yetirir. Təsadüfi deyil ki, ermənilər bu əsərin heç bir dilə tərcümə edilməsində maraqlı deyillər. Amma həmin əsər təəssüf ki, Azərbaycan tərəfindən də başqa dillərə tərcümə edilməyib”.
Tədqiqatçı qeyd edib ki, Azərbaycanda indiki Ermənistan əraziləri ilə bağlı sistemli araşdırma aparmaq üçün elmi mərkəzin yaradılmasına böyük ehtiyac var. |