
Muxtar Kazım oğlu İmanov 1955-ci ildə Şərur rayonunun Axura kəndində anadan olmuşdur. 1977-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, 1977-1980-ci illərdə Şərur rayonunun Həmzəli kənd məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir.
1983-cü ildə Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə aspiranturanı bitirərək 1984-cü ildə “Müasir Azərbaycan nəsrində psixologizm” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1983-1992-ci illərdə Nizami adına Ədəbiyyat İnstitutunun "Mifologiya" və "Folklor" şöbələrində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır.
1992-2000-ci illər arasında “Yazıçı” nəşriyyatının baş redaktoru olmuşdur.
2001-ci ildən Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsində böyük elmi işçi, aparıcı elmi işçi kimi fəaliyyət göstərən M.K.İmanov 2007-ci ildə “Azərbaycan folklorunda gülüşün genezisi və poetikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Folklorun və ədəbiyyatşünaslığın aktual problemlərinə həsr olunmuş dörd monoqrafiyanın, yüzə yaxın elmi məqalənin, eləcə də bir sıra publisistik yazıların müəllifidir.
Ailəlidir, iki oğlu, bir nəvəsi var.
Muxtar İmanovun əsərlərinin siyahısı |