
Folklor nəzəriyyəsi şöbəsinin əsas elmi istiqaməti Azərbaycan folklor tarixinin mərhələ xüsusiyyətlərinin, bu mərhələlərin daxili inkişaf məzmununun, folklor janrlarının yaranma zəmini, onların spesifik özünəməxsusluqlarının, bədiilik imkanlarının, forma-məzmun zənginliklərinin, janrlararası münasibətin müəyyənləşdirilməsi; folklor nümunələrinin süjet və kompozisiyasının, onda inikas olunan məqsəd və ideyaların, ayrı-ayrı obraz və qəhrəmanların bədii funksiyasının, xalq təfəkkürünün obraz yaratmaq imkanlarının araşdırılmasıdır.
Şöbənin elmi istiqaməti aşağıdakı elmi problemlərdən ibarətdir: Azərbaycan folklorunun mənşəyi, tarixi inkişaf mərhələləri və onların səciyyəvi özünəməxsusluğunun müəyyənləşdirilməsi; folklor janrlarının təşəkkülü və təkamül yollarının tədqiqi; ayrı-ayrı epik folklor əsərlərində süjet və kompozisiya quruluşunun və onlarda forma və məzmun xüsusiyyətlərinin öyrənilməsi; şifahi xalq yaradıcılığı ilə yazılı ədəbiyyatın qarşılıqlı təsir və əlaqələrinin araşdırılması.
Folklor nəzəriyyəsi şöbəsi 2004-cü ilin mart ayında təşkil edilmiş və həmin vaxtdan da elmi fəaliyyətə başlamışdır. Şöbədə «Novruz bayramının mənşəyi», «Qədim Turan və türk mədəniyyətində Turan ünsürləri», «Avrasiya konsepsiyasında türk mədəniyyətinin etnik özünəməxsusluğu», «Ən qədim rituallar və mifoloji şüurun yaranması» mövzuları işlənmişdir.
Şöbəyə Ağaverdi Xəlilov rəhbərlik edir. Xəlilov Ağaverdi Sərxan oğlu 1962-ci il avqust ayının 30-da Kürdəmir rayonunun Məhərrəmli kəndində anadan olmuşdur. 1981-1986-cı illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1998-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşıdır. 2002-ci ildə İnstitutun «İnternet-İntellekt nəzəri-eksperimental laboratoriyası»nın müdiri işləmişdir. 1998-2000-ci illərdə M.Kaşqarlının «Divani lüğət-it türk» kitabındakı ədəbi mətnləri geniş tədqiqatla birgə nəşr etdirmişdir. «M.Kaşqarlının «Divanı»nda paremioloji vahidlərin struktur-semantik təhlili» mövzusunda namizədlik dissertasiyasını tamamlamışdır.
Ağaverdi Xəlilov qədim türk dilini, bir neçə müasir türk dilini mütəxəssis səviyyəsində bilməsi, o cümlədən rus və ingilis dillərində müasir dünya humanitar elminin nailiyyətlərini mənimsəməsi və milli elmi dövriyyəyə daxil etməsi ilə yalnız İnstitut miqyasında deyil, bütövlükdə respublika miqyasında nadir mütəxəssislərdəndir. Müasir azərbaycanlı mentalının qədim türk ədəbiyyatında, xüsusən şifahi bədii mətnlərdə daşlaşmış ideya məzmun və dil-üslub xüsusiyyətlərinin, lokal və qlobal kontekstdə milli folklorun səciyyəsinin və s-nin ən müasir metod və üsullarla, xüsusən riyazi ədəbiyyatşünaslıq və folklorşünaslıq, strukturalizm, semiotik tədqiqat üsulu vasitəsilə tədqiqi onun elmi yaradıcılığının əsas təmayülünü təşkil edir.
Şöbədə 17 elmi əməkdaş fəaliyyət göstərir. Onlardan ikisi filologiya elmləri doktoru, dördüsə filologiya elmləri namizədidir.
Filologiya elmləri doktoru, professor Akif Hüseynli Folklor nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisidir. Akif Məmməd oğlu Hüseynli Gürcüstan Respublikasının Tbilisi şəhərində (26.05.1941) anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Ədəbiyyatın milli müəyyənliyini şərtləndirən amillərin müəyyənləşdirilməsi, müasir nəsrdəki dəyişikliklərin şərh edilməsi, ədəbi prosesdəki nailiyyətlərin ardıcıl elmi təhlili, tarixi mövzuda yazılmış nəsr əsərlərinin ideya və janr baxımından araşdırılması və s. A.Hüseynlinin əsas elmi nailiyyətlərindəndir. Pedaqoji fəaliyyətlə məşğul olur (Qafqaz Universitetində müəllim). Yüzlərlə elmi məqalənin və kitabların müəllifidir.
Filologiya elmləri doktoru, professor Asif Hacıyev Folklor nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisidir. Asif Abbas oğlu Hacıyev Gürcüstan Respublikasının Marneuli şəhərində (03.04.1960) anadan olmuşdur. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 22 il pedaqoji fəaliyyətlə məşğul olmuş, C. Naxçıvanski adına hərbi məktəb (1982-1986), Bakı Slavyan Universitetində (1986-2005) dərs demişdir. 2000-ci ildən Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektorudur. A.Hacıyev – ədəbiyyat nəzəriyyəsi, tarixi poetika, müasir rus dili və Azərbaycan ədəbiyyatı, mifologiya və folklorşünaslıq üzrə mütəxəssisdir. Bəzi əsərləri Rusiya, Türkiyə, Bolqarıstan, Özbəkistan, Tacikistan, Gürcüstan və başqa ölkələrdə çap olunub. Yüzlərlə elmi məqalənin və 7 monoqrafiyanın müəllifidir. |