Göyçə Folkloru Antologiyası latın qrafikası ilə yenidən işıq üzü gördü
AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hüseyn İsmayılovun rəhbərliyi ilə Azərbaycan Folkloru Antologiyası seriyasının çapı bir neçə istiqamətdə davam edir. Belə ki, bir tərəfdən ayrı-ayrı regionlarımızdan toplanılmış folklor nümunələri işıq üzü görürsə, digər tərəfdən isə əvvəllər toplanılaraq müxtəlif qrafikalarda çap olunmuş materiallar da latın qrafikasında nəfis tərtibatla oxucuların sərəncamına verilir. Təsadüfi deyildir ki, Folklor İnstitutunda bu vaxta qədər 19 folklor antologiyası çap olunmuşdur. Bununla yanaşı müxtəlif mənbələrdə çap olunmuş ayrı-ayrı nümunələr də latın qrafikasına çevrilərək çap edilməkdədir.
Bu prosesin məntiqi davamı olaraq bugünlərdə Azərbaycan Folkloru Antologiyası seriyasından olan “Göyçə Folkloru Antologiyası” (III cild) latın qrafikası ilə yenidən çap olunmuşdur.
Kitabda Azərbaycanın qədim Oğuz məskənlərindən olan Göyçədən toplanılmış zəngin folklor nümunələri çap olunmuşdur. Kitabda çap olunmuş nümunələrin toplayıcısı filologiya elmləri doktoru Hüseyn İsmayılovdur.
Qeyd etmək lazımdır ki, “Göyçə Folkloru Antologiyası” istər çap olunmuş materialların həcmi, istərsə də keyfiyyəti baxımından ən zəngin antologiyalardandır. Belə ki, burada Göyçə folkloruna məxsus ən kiçik janrlardan tutmuş (nəğmələr, inanclar, atalar sözü və məsəllər və s.) ən iri janrlara (nağıl, dastan və s.) kimi yer almışdır.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan Folkloru Antologiyası seriayasından olan “İraq-Türkman Folkloru” cildi də latın qrafikasına çevrilməklə yenidən çapa hazırlanır.
AMEA Foklor İnstitutunun Mətbuat Katibi Hikmət Quliyev |