
1976-cı ildə mərhum bəstəkar Rəşid Nəsib oğlu və Azərbaycan Dövlət Konservatoriyasının məzunu Sidqi Mustafayev tərəfindən təşkil edilmişdir.
Qrupun yaradılmasında başlıca məqsəd yaddaşlarda yaşayan qədim el havalarını, xalq musiqisi örnəklərini, musiqi alətlərini, meydan-tamaşa oyun və məzhəkələrini axtarıb tapmaq, toplamaq, bərpa etmək və gələcək nəsillərə çatdırmaq olmuşdur.
1992-ci ildən etibarən «İrs» qrupu Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun nəzdində fəaliyyət göstərir.
Öz fəaliyyəti dövründə qrup Azərbaycan xalqının musiqi folklorunun dəyərli nümunələrindən olan «Almanı alma, gəlin», «Əylən, gəlin», «Ruhani», «Azaflı dübeytisi», muğamlardan «Çahargah», «Nəva» musiqili kompozisiyası, meydan tamaşalarından «Kosa-Kosa», «Toyuq aparan», «Qaravəlli» və s. bərpa etmişdir.
«İrs» folklor qrupu dünyanın bir çox ölkələrində qastrollarda olmuş, beynəlxalq festivallarda iştirak etmiş, bir çox ödül və Fəxri fərmanlarla təltif edilmişdir.
Qrup Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun keçirdiyi tədbirlərdə fəal iştirak edir.
«İrs» folklor qrupuna Sidqi Mustafayev rəhbərlik edir. Mustafayev Sidqi Məmməd Tağı oğlu 24 fevral 1941-ci ildə Bakı şəhərinin Balaxanı qəsəbəsində anadan olmuşdur. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. A.Zeynallı adına musiqi məktəbində konsertmeyster və muğam müəllimi işləmişdir. 1976-cı ildə mərhum bəstəkar Rəşid Nəsib oğlu ilə birilkdə «İrs» folklor qrupunu təşkil etmişdir. Mədəniyyət və Təhsil Nazirliyi tərəfindən dəfələrlə mükafatlara layiq görülmüşdür. |