
Bütün respublikada mifoloji tədqiqatların yeganə elmi struktur qurumu olan və yeni yaranmış Mifologiya şöbəsində mif mətnləri toplanılır, folklor mətnlərinin mifoloji strukturları, arxetipləri, mifoloji mətn arxitektonikası araşdırılır. Türk mifologiyasının diaxronik, tarixi-prosessual strukturunun və sinxron-aktual üzvlənmə problemlərinin öyrənilməsi; türk dünya modelinin bərpası; Azərbaycan xalq mərasimlərinin, oyun və tamaşaların qeydə alınması, arxaik ritualların bərpası, mərasimlərin genezisi, struktur və tipologiyasının tədqiqi də bu şöbədə həyata keçirilir.
Mifologiya şöbəsi mif və ritual problemlərinin öyrənilməsi istiqamətində ixtisaslaşmışdır. Mif və mərasimlərin öyrənilməsi aşagıdakı vəzifələrin həyata keçirilməsi ilə gerçəkləşdirilir:
– Azərbaycan mifoloji mətnlərinin toplanılması, elmi ekspertizası, təsnifatı, sistemləşdirilməsi və tarixi-mədəni tipinin müəyyənləşdirilməsi;
– Azərbaycan mərasim mətnlərinin toplanılması, qeydə alınması, ritual sistemi şəklində bərpa edilməsi;
– Miflərin diaxron strukturunun öyrənilməsi və Türk-Azərbaycan mifoloji düşüncə tarixinin transformasiya imkanlarının aşkara çıxarılması ilə onların mədəni-tarixi inkişafının izlənilməsi;
– Mif-folklor probleminin bütün struktur səviyyələri üzrə tədqiq edilməsi, total Türk mifinin Azərbaycan folklorunun tarixi-mədəni baxımdan funksionallaşmasında rolunun aşkarlanması;
– Mif, əfsanə, nağıl, epos və dastan mətnlərinin riyazi-morfoloji strukturunun öyrənilməsi;
– Folklorda riyazi düşüncə modellərinin aşkara çıxarılması;
–Türk mifologiyasının Oğuz mətn tipləri üzrə rekonstruksiya edilməsi: fərqli mətn tiplərinin struktur-semiotik analizi ilə mif paradiqmalarının müəyyənləşdirilməsi və bunların əsasında invariantın – mifoloji dünya modelinin bərpası;
– Türk mifinin sintaqmatik və paradiqmatik funksionallıgının mümkün tarixi-mədəni strukturunun öyrənilməsi;
– Mif-ritual probleminin türk milli düşüncə tipinin mətnləri əsasında araşdırılması;
– Azərbaycan-türk mərasimi düşüncə sisteminin ifadə kodunun (təsvir dili və onu funksionallaşdıran semiotik vahidlər) bərpası: mərasimin məzmununu təşkil edən kosmoqonik informasiyanı reallaşdıran, söz və hərəkət vahidlərindən təşkil olunmuş «əlifba»nın müəyyənləşdirilməsi və semiotik təbiətinin öyrənilməsi;
– Türk riyazi-mifoloji düşüncə sisteminin ifadə kodunun təsviri (riyazi mifologiya);
– Türk (Azərbaycan) ritual-mifoloji düşüncəsinin tarixi-mədəni paradiqmalarının (mif-din, ritual-din, mif-fəlsəfə, mif-ədəbiyyat və s.) öyrənilməsi;
– Türk mifoloji düşüncə tərzinin çagdaş Azərbaycan milli düşüncə tərzinin formalaşmasına təsirinin tədqiqi: mifoloji arxetiplər və çagdaş milli düşüncə və s.
Söbə 2003-cü ilin dekabrında Folklor İnstitutunun müstəqil struktur vahidi kimi yaradılmışdır. Folklor İnstitutunun nəzdində Mifologiya şöbəsinin yaradılması türk mifologiyasının öyrənilməsi işinin təşkili baxımından yenidir .
Bundan əvvəllər kiçik miqyaslı və qeyri-sürəkli təşəbbüslər olsa da, davamlı nəticə olmamışdır. Bu baxımdan, mifoloji tədqiqatların aparılması işi akademik səviyyədə təşkil edilməmiş, tədqiqatçıların öz təşəbbüslərindən asılı olmuşdur. Mifologiya şöbəsinin yaradılması ilə sözügedən sahəyə aid tədqiqatlara akademik stimul verilmiş və işin təşkili peşəkar səviyyəyə qaldırılmışdır. Söbənin kadr strukturu yaradılmış, mifologiya ilə baglı peşəkar tədqiqatlar aparan ayrı-ayrı mütəxəssislər onun işinə cəlb edilmişdir.
Söbə öz işinin elmi nəticələrini əməkdaşların çap etdirdikləri monoqrafiya və məqalələrdə gerçəkləşdirmişdir.
Mifologiya şöbəsinin müdiri Seyfəddin Gülverdi oğlu Rzasoydur. Seyfəddin Rzasoy 1961-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. 1986-cı ildə N.Tusi ad. ADPU-nu bitirmiş, müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. 1996-cı ildə «Nizami «Yeddi gözəl» mətnində dünya modeli və onun mifoloji qurumu» namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Akademiya sistemində 1996-cı ildən çalışır.
S.G.Rzasoy Türk epos, ritual və mifologiyasının tədqiqi ilə məşğuldur. Dörd monoqrafiyanın və çoxsaylı məqalələrin müəllifidir. «Oğuz mifinin strukturu» mövzusunda doktorluq dissertasiyası ilə baglı ardıcıl araşdırmalar aparır. Mətnlərin tədqiqində struktur-semiotik tədqiqat metoduna üstünlük verir. Bu da ona Azərbaycan poetik düşüncəsinin struktur mexanizmlərini, funksionallaşma modellərini, gerçəkləşmə səviyyələrini, informativ təkamülünü uğurla bərpa etməyə imkan verir. Epik düşüncənin total inkişaf strukturunu diaxronik poetikası boyunca öyrənir. Bu baxımdan, araşdırmalarının obyektini mif, epos mətnlərindən tutmuş çagdaş bədii mətnlərəcən bütöv poetik düşüncə sistemi təşkil edir.
Söbədə on üç nəfər çalışır. Onlardan üçü filologiya elmləri doktoru, ikisi filologiya elmləri namizədidir.
Filologiya elmləri doktoru, professor İsmayıl Vəliyev bu şöbənin əməkdaşlarındandır. İ.Vəliyev Ermənistanın Allahverdi rayonunun Böyük Ayrım kəndində (18.03.1951) anadan olmuşdur. 1975-ci ildə ADU-nun Jurnalistika fakültəsini bitirmişdir. 1983-cü ildə filologiya elmləri namizədi, 2001-ci ildə filologiya elmləri doktoru adını almışdır. 2001-ci ildən Bakı Dövlət Universitetinin professorudur. Ədəbiyyatın və mifologiyanın nəzəri problemlərinə həsr edilmiş məqalələrin və kitabların müəllifidir.
Filologiya elmləri doktoru, professor Füzuli Bayat Mifologiya şöbəsinin əməkdaşıdır. Füzuli Gözəlov (Bayat) Masallı rayonunun Xırmandalı kəndində (1958) anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Xarici Dillər İnstitutunun fransız dili fakültəsini bitirmişdir. 1987-90-cı illərdə Özbəkistan EA Ədəbiyyat və Dil İnstitutunun aspiranturasına daxil olmuş, 1990-cı ildə müdafiə edərək filologiya elmləri namizədi, 1997-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsini almışdır. 1999-cu ildən Türkiyənin Qaziantep Universitetində çalışır. On monoqrafiya və yüzlərlə elmi məqalənin müəllifidir.
Filologiya elmləri namizədi Ramil Manaf oğlu Əliyev şöbənin əməkdaşıdır. 1977-ci ildə BDU-nun filologiya fakültəsini bitirmişdir. 1992-ci ildə «Mifoloji motivlər və onların Azərbaycan nağıllarında izləri» mövzusunda namizədlik, 2008-ci ildə «Türk mifoloji düşüncəsi və onun epik transformasiyaları» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Əsas tədqiqat obyekti folklorda struktur modellərin öyrənilməsidir. Əfsanə, nagıl, epos və s. Strukturlarında mifoloji təhlillər elmi yaradıcılığında prioritet təşkil edir. Əsas kitablar:
- «Azərbaycan nağıllarında mifoloji görüşlər», Bakı, Elm, 1992, 118s.
– «Mifoloji şüurun bədii spesifikası», Bakı, Qartal, 2001, 100s.
– Mif və folklor: genezisi və poetikası, Bakı, Elm, 2005, 224s.
– Riyazi mifologiya. Bakı, Nurlan, 2008, 160s.
Bundan başqa, tədqiqatçı «Sabaha məktublar» prof. M.Həkimov haqqında, «Azad Nəbiyev və folklor ədəbi irsi» əsərlərinin müəllifidir.
Filologiya elmləri namizədi, böyük elmi işçi Şakir Əlif oğlu Albalıyev 2004-cü ilin 1 martından Mifologiya şöbəsində çalışır. 1995-ci ildə BDU-nun filologiya fakültəsini bitirib. 2006-cı ildə «Azərbaycan məişət nağıllarında şah obrazı» adlı namizədlik dissertasiyası müdafiə edib. Elmi konfrans və simpoziumlarda maraqlı mövzularda çıxış və məruzələr edib. «Azərbaycanda doğum mərasimi» və «Hal obrazı: mifdə və mərasimdə» mövzularında araşdırmalar aparıb. Hazırda «Azərbaycanda toy mərasimi» adlı tədqiqat üzərində işləyir. |