
Azərbaycan MEA Folklor İnstitutunun Redaksiya-Nəşriyyat şöbəsi Azərbaycan MEA «Folklor Sarayı» Elmi-Mədəni Mərkəzinin Kompüter Mərkəzi kimi 2000-ci ilin martından fəaliyyətə başlamışdır.
Şöbənin işi ilk gündən bir neçə istiqamət üzrə qurulmuşdur. İlk növbədə, şöbə İnstitut rəhbərliyinin böyük qayğısı və şəxsi təşəbbüsü sayəsində lazımi texniki aparatura və peşəkar kadrlarla təmin edilmişdir.
İnstitutun Folklor arxivinin kompüterlərdə yazılıb sistemləşdirilməsi işi yüksək səviyyədə təşkil edilmiş, külli miqdarda folklor materiallarının İnstitutun disk yaddaşında qorunması təmin olunmuşdur.
Şöbənin əsas funksiyalarından biri İnstitutda yerinə yetirilən elmi işlərin, toplanan folklor materiallarının nəşrini təşkil və təmin etməkdir. Qısa müddətdə İnstitutun hər biri 20 ç/v həcmində olan «Dədə Qorqud» beynəlxalq jurnalının I, II, III , IV, V, VI, VII, VIII, IX, X, XI, XII, XIII, XIV, XV, XVI, XVII, XVIII, XIX, XX, XXI, XXII, XXIII, XXIV, XXV sayları kompüterdə yığılmış, çapa hazırlanmış və nəşr olunub oxuculara çatdırılmışdır.
Folklor İnstitutunun daimi nəşrlərindən olan «Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər» məcmuəsinin (hər cildi 12-13 ç/v həcmində) VIII, IX, X, XI, XII, XIII, XIV, XV, XVI, XVI, XVII, XVIII, XIX, XX, XXI, XXII, XXIII, XXIV, XXV cildləri də nəşrə hazırlanıb çap olunmuşdur.
Bu müddətdə nəinki təkcə Azərbaycan MEA miqyasında, bütövlükdə Azərbaycan ədəbi-mədəni həyatında mühüm hadisə olan «Azərbaycan folkloru antologiyası» çoxcildliyinin nəşri işi də uğurla davam etdirilmiş, qısa müddətdə antologiyanın 17 cildi (hər cildi orta hesabla 30-40 ç/v həcmində) kompüterdə yığılıb, səhifələnib, nəşr edilmiş, daha 2 cildi isə nəşrə hazırlanmışdır.
Ümumiyyətlə, son 4 il ərzində Folklor İnstitutunun Redaksiya-Nəşriyyat şöbəsində cari işlərlə yanaşı, 100-dən çox kitab və məcmuə çap edilmiş və ya çapa hazır vəziyyətə gətirilmişdir.
Redaksiya-Nəşriyyat şöbəsinin müdiri filologiya elmləri namizədi Əziz Ələkbərlidir. Əziz Yusif oğlu Ələkbərli 1960-cı ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Qaralar kəndində anadan olmuşdur. 1977-ci ildə Qaralar kənd orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) filologiya fakültəsini bitirmişdir.1984-1987-ci illərdə təyinatla Qax rayonunun Qum kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 1988-ci ildən Azərbaycan MEA Ədəbiyyat İnstitutunda fəaliyyətə başlamış, baş laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır. 1992-ci ildə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almış, institutda böyük elmi işçi, şöbə müdiri kimi elmi-təşkilati fəaliyyətini davam etdirmişdir. 2000-ci ildən Azərbaycan MEA «Folklor Sarayı» Elmi-Mədəni Mərkəzinin (indiki Folklor İnstitutunun) Kompüter Mərkəzinin (indiki Redaksiya-Nəşriyyat şöbəsinin) müdiridir. 1991-ci ildən həm də mətbuatda çalışır. 1993-1994-cü illərdə «Ana Vətən» qəzetinin, 1997-1998-ci illərdə «Ağrıdağ» qəzetinin baş redaktoru olmuşdur. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Ə.Ələkbərli respublikamızda yaradılan ilk özəl nəşriyyatlardan birinin – müstəqil «Ağrıdağ» nəşriyyatının yaradıcısı və direktoru, 16 kitabın müəllifi, 100-dən çox kitabın redaktoru, ön sözünün müəllifi və naşiridir.
Şöbədə on nəfər fəaliyyət göstərir. |