İnstitutun əsas şöbələrindən olan Qorqudşünaslıq şöbəsi «Kitabi-Dədə Qorqud» abidəsinin 1300 illik yubileyinin qeyd olunduğu dövrdə böyük öndərimiz Heydər Əliyevin göstərişi ilə bu möhtəşəm abidənin konseptual elmi tədqiqata cəlb olunması zərurətindən yaranmışdır.
Söbə 2000-ci ilin aprel ayında yaradılmışdır. Qorqudşünaslıq şöbəsinin müntəzəm olaraq elmi realizasiyası ilə məşğul olduğu əsas elmi istiqamətlər «Kitabi-Dədə Qorqud»un tədqiqi (poetika, mətnşünaslıq, ideya-məzmun) problemlərinin araşdırılması, «Kitabi-Dədə Qorqud» mətninin tekstoloji təhlili, qədim türk dastanları ilə müqayisəli araşdırılması, dastanın mifik qatlarının semiotik strukturunun araşdırılması, «Kitabi-Dədə Qorqud»un izahlı lüğətinin və akademik mətninin hazırlanması, «Dədə Qorqud» elmi-ədəbi toplusunun nəşrə hazırlanmasıdır.
«Dədə Qorqud» toplusunun nəşrinə 2001-ci ildən başlanılmışdır. Toplu Qorqudşünaslığa və folklorşünaslığa dair elmi tədqiqatlar və ədəbi material hissələrindən ibarətdir. Toplunun istifadə dairəsinin genişliyini təmin etmək üçün materialların ingiliscə və rusca xülasəsi verilir. Toplunun səhifələrində Folklor İnstitutunun elmi kontingentinin axtarışları və araşdırmaları ilə yanaşı, dünya folklorşünaslığının ən mühüm nailiyyətləri də işıq üzü görür. İldə 4 sayının nəşri nəzərdə tutulan toplunun artıq 10 sayı nəşr olunmuşdur.
Tədqiqat obyekti kimi seçilən folklorşünaslıq problemlərinin əhatə dairəsinə görə ümumtürk miqyasını əhatə edən, elmi səviyyəsi baxımından isə müasir Avropa folklorşünaslığının nəzəri səviyyəsində olan «Dədə Qorqud» toplusunun nəşrini son on ildə Folklor İnstitutunun mühüm nailiyyətlərindən hesab etmək olar.
Toplunun baş redaktoru şöbə müdiri Tofiq Hacıyevdir. Toplunun nəşri ilə bağlı fəaliyyətə cəlb olunmuş şöbənin işçiləri redaktə, korrektura, tərcümə və s. işlərlə məşğul olurlar.
Qorqudşünaslıq şöbəsinin müdiri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Tofiq İsmayıl oğlu Hacıyevdir. Tofiq İsmayıl oğlu Hacıyev 1936-cı il may ayının 1-də Cəbrayıl rayonunun Soltanlı kəndində doğulmuşdur. 1958-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. T.Hacıyev 1962-ci ildə «Azərbaycan dilinin Cəbrayıl şivəsi» mövzusunda namiçədlik dissertasiyası müdafiə etmiş, burada ilk dəfə Açərbaycan şivələrində keçid şivələri Haqqında məlumat vermişdir. 1969-cu ildə «XX əsrin əvvəllərində Açərbaycan ədəbi dili» adlı doktorluq dissertasiyası müdafiə etmişdir. T.Hacıyev həm dil, həm də ədəbiyyat məsələləri ilə məşğul olur. T.Hacıyev Azərbaycan türk ədəbi dili tarixi saHəsində görkəmli mütəxəssisdir. O, tarixi üslubiyyat sahəsində də səmərəli fəaliyyət göstərir. Klassiklərimizin dili-üslubu ilə bağlı onlarla məqalələri, kitabları həmin mövzudadır. T.Hacıyev ümumtəhsil məktəbləri üçün proqram və dərsliklərin Hazırlanmasında təşkilatçı və müəllif kimi iştirak edir.
1984-cü ildən BDU-da Türkologiya kafedrasına rəhbərlik edir. 1995-ci ildən Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvüdür.
1998-ci ildə T.Hacıyev Türkiyə Cümhuriyyətinin «Ləyaqət nişanı» (orden) ilə təltif olunmuşdur. Türkiyə Atatürk Kültür Qurumunun hazırladığı 30 cildlik «Türk dünyası ədəbiyyatı tarixi»nin müəlliflərindən biridir. Türkiyənin Sanatçılar və Yazarlar Vəqfinin 2002-ci il üzrə «Türk dünyasına xidmət» ödülünün saHibidir.
2004-cü ilin mayında Qurumun Türk Dili mükafatına, iyulun 17-də Atatürk Dil Qurumunun «Üstün Hikmət Baratına» layiq görülmüşdür.
Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Sovet İttifaqı dövründə Sovet Türkoloqlar Komitəsinin və SSRİ universitetləri elmi-metodik ali filoloji şurasının üzvü olmuşdur.
İki cildlik «Dədə Qorqud kitabı ensiklopediyası»nın aparıcı müəlliflərindən biri və birinci cildinin (Bakı, 2000) redaktorudur. «Üzeyir Hacıbəyov ensiklopediyası» (Bakı, 1996) və AMEA-nın altı cildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin müəlliflərindəndir. Ümumiyyətlə, T.Hacıyev 20 kitabın, 300-dən çox elmi məqalənin müəllifidir. Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvüdür.
Qorqudşünaslıq şöbəsində 18 nəfər işçi var. Bunlardan ikisi elmlər doktoru, beşi elmlər namizədidir. Bundan əlavə, şöbədə elmi işçilər və aspirantlar var ki, onlar da müxtəlif mövzular üzrə elmi fəaliyyətlə məşğuldurlar.
|