2005-ci ilin yanvar ayından etibarən Aşıq və musiqi folklorunun xüsusi olaraq tədqiqata cəlb olunması məqsədi ilə AMEA Folklor İnstitutunun tərkibində f.e d. H.İsmayılovun təşəbbüsü ilə «Aşıq musiqisi» bölməsi (sektoru) yaradıldı. Həmin bölməyə rəhbərlik s.d. R.H.İmraniyə həvalə olundu. Bölmənin əməkdaşları s.n., dosent N.Rəhimbəyli, s.n., S.Muradova, elmi işçi F.Atayev, ifaçı - aşıqlar N.Qasımov və A.Məmmədovdan ibarət idi.
Qısa bir müddətdə bölmənin elmi işlərində dönüş yaradıldı. «Aşıq musiqi ensiklopediyası» elmi plana daxil edildi və bütün əməkdaşlar bu iş üzərində çalışmaga başladı. Aşıq sənətkarları haqqında materiallar toplanıldı və 110 aşıq havasının not materialları kompüterə yazıldı. Bölmənin müdiri R.İmrani musiqişünaslıqda ilk dəfə olaraq aşıq musiqisinin yeni lad nəzəriyyəsini hazırlayıb elmi içtimaiyyətə təqdim etdi. Aşıq sənətinin tarixi haqda yeni elmi materiallar aşkarlandı və elmi məcmuələrdə çap edildi.
2007-ci ildə bölmənin işində yaradılmış dönüşü nəzərə alaraq İnstitutun direktoru f.e.d. H.İsmayılov bölmənin şöbəyə çevrilməsi haqda AMEA - nın Rəyasət Heyətinin qarşısında vəsadət qaldırdı. 2007-ci ilin oktyabr ayında Rəyasət Heyətinin qərarı ilə «Aşıq musiqisi» bölməsinin bazasında «Aşıq musiqisi və saz ifaçılıgı» şöbəsi yaradıldı. Hazırda şöbədə bir elmlər doktoru, iki elmlər namizədi, üç elmi işçi və iki laborant çalışır. Gələcəkdə «Azərbaycan musiqi folkloru» əsəri üzərində ciddi elmi tədqiqatın aparılması nəzərdə tutulmuşdur. Hazırda plan işindən əlavə Azərbaycan xalq mahnılarının mətnləri toplanılıb nəşrə hazırlanır .
|