Azərbaycan Folkloru Antologiyası Seriyası uğurla davam edir
AMEA Foklor İnstitutunun dorektoru, filologiya elmləri doktoru Hüseyn İsmayılovun rəhbərliyi ilə artıq on altı cildi işıq üzü görmüş Azərbaycan Folkloru Antologiyası seriyasına 2009-cu ildə bir neçə kitab da əlavə olundu. Bunlar bu günə qədər iki cildi (AFA IV, VI) toplanılaraq Azərbaycan folkloru xəzinəsinə daxil edilmiş Şəki Folkloru Antologiyası və bundan əvvəl bir cildi (XII) çap olunmuş Zəngəzur Folkloru Antologiyasıdır.
Hər iki kitab Azərbaycan xalqının mənəvi sərvəti olan folklorunu - onun min illərin yaddaşından süzülüb gələn adət və ənənəsindən tutmuş ən kiçik etnoqrafik yaddaşını əks etdirir.
Nümunələrin qədim türk məskənlərindən olan Şəki və Zəngəzur bölgələrindən toplanılmasına baxmayaraq, bu ümumilikdə Azərbaycan xalqının ümumi dəyərlərini, onun özü üçün müəyyənləşdirdiyi yaşam tərzini və normalarını bizə təqdim edir.
Antologiyaların hər ikisinə diqqət yetirsək görərik ki, burada Azərbaycan fokloru xəzinəsinə daxil olan əmək nəğmələri, inanclar, tapmacalar, atalar sözləri və məsəllər kimi kimi kiçik janrlardan tutmuş əfsanə, rəvayət, nağıl və dastanlar qədər olan bütün janrlar toplanılaraq oxuculara təqdim olunmuşdur.
AMEA Foklor İnstitutunun Mətbuat Katibi Hikmət Quliyev |