Baş səhifə
   
Haqqımızda
Direktor
Direktor müavini
Elmi katib
İnstitutun elmi şurası
Azərbaycan folkloru şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Türk xalqları folkloru şöbəsi
Mifologiya şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Qorqudşünaslıq şöbəsi
Aşıq musiqisi və saz ifaçılığı şöbəsi
Xarici əlaqələr bölməsi
Folklor laboratoriyası
Redaksiya-nəşriyyat şöbəsi
Elmi arxiv
Araşdırmalar
Elmi kitabxana
İnstitutun tədbirləri
Sələflərimiz
Qanunvericilik
"İrs" folklor qrupu
Xalq musiqisi
Maliyyə şöbəsi
Xəbər arxivi
Azərbaycan folklor antologiyası
Konfranslar
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər
Azərbaycan folkor külliyyatı
"Dədə Qorqud" jurnalı
Video
Bizimlə əlaqə
   
 
Linklər
 
 
 
 
 
 
 
 
 
 
Sayğac
 
İNSTİTUTUN TƏDBİRLƏRİ

Folklor İnstitutunda mütəmadi olaraq elmi problemlərə, yubileylərə həsr olunmuş tədbirlər keçirilir.
1999-cu ildə Azərbaycan Respublikasının prezidenti böyük öndərimiz Heydər Əliyevin sərəncamı ilə «Kitabi – Dədə Qorqud» abidəsinin 1300 illik yubileyinin təntənə ilə qeyd edilməsi folklorşünaslarımız qarşısında mühüm vəzifələr qoymuşdur. Həmin ildən başlayaraq yubileyin keçirildiyi 9 aprel günü – «Dədə Qorqud günü» elan olunmuşdur. Folklor İnstitutu (daha öncələr Folklor Elmi – Mədəni Mərkəzi) ənənəvi olaraq (artıq İnstitutda bu mövzuda 7 elmi konfrans keçirilmişdir) hər il 9 aprel gününü xalqımızın bu əvəzsiz abidəsi haqqında aparılmış tədqiqatlara baxış keçirilməsinə, Qorqudşünaslıq sahəsində bir illik yaradıcılıq axtarışlarına həsr edir. Onu da söyləyək ki, öncələr yalnız İnstitut səviyyəsində keçirilən bu elmi konfransın son iki tədbiri respublikamızın digər elm ocaqlarından, habelə xarici ölkələrdən gəlmiş qonaqların fəal iştirakı ilə keçirilmiş və beynəlxalq status qazanmışdır.
«Folklor Sarayı» Elmi-Mədəni Mərkəzi və onun bazasında yaradılan Folklor İnstitutu hər zaman Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etmişdir. İnstitut respublikanın tarixində önəmli rol oynamış əlamətdar hadisələrdən də kənarda qalmayaraq 2003-cü il may ayında dünya azərbaycanlılarının öndəri, görkəmli ictimai xadim Heydər Əliyevin 80 illik yubileyinə həsr olunmuş «Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz» mövzusunda elmi-praktik konfransını keçirmişdir.
Qədim ənənələrə malik Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrinin yubileylərinin keçirilməsi Folklor İnstitutunun diqqət yetirdiyi məsələlərdəndir. Son dövrlər İnstitut xətti ilə Aşıq Səmşirin 110, Sirvanlı Aşıq Bilalın 130, Borçalı Sair Nəbinin 130, Aşıq Əmrah Gülməmmədovun 95, Aşıq Yanvar Bədəlovun 60 illik yubileyləri keçirilmişdir. Molla Cümənin 150, Aşıq Senliyin 150, Növrəs İmanın 100 illiyinə həsr edilmiş elmi seminar və yubileylərin keçirilməsi isə Folklor İnstitutunun yaxın zamanlar üçün nəzərdə tutduğu məsələlərdəndir.
Folklor İnstitutunun Mifologiya şöbəsində Türk Mifologiyasının Problemləri Lektoriyası fəaliyyət göstərir. Türk Mifologiyasının Problemləri Lektoriyası tematik xarakter daşımaqla Türk mifologiyasının aktual problemlərini konkret zaman kəsimində aprobasiyadan keçirir. Hazırda mifologiyanın ümumnəzəri məsələlərinə həsr olunmuş məruzələr dinlənilir və müzakirə edilir.
Folklor İnstitutunda elmi kadrların düzgün seçilməsi və onların düzgün istiqamətləndirilməsi üçün İnstitutun Gənc Alimlər Surası ildə bir dəfə Gənc alim və aspirantların ümumrespublika folklor konfransını təşkil edir. Folklor üzrə ixtisaslaşan gənclərin elmi potensialının vaxtında üzə çıxarılması və onların elmi fikir mübadilələrini təmin etmək baxımından bu tipli tədbirlərin təşkili mühüm məsələlərdəndir.
Azərbaycan folklorşünaslığının mənəvi sərvətimizin öyrənilməsinə, qorunmasına, ortaq türk mədəniyyətinin formalaşmasına diqqətin artırılması dövlət səviyyəsində də diqqəti cəlb etmiş, 2003-cü ilin yanvar ayında Bakı şəhərində Folklor İnstitutunun təşkil eydiyi "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" uluslararası folklor konfransından sonra Azərbaycan Respublikasının Milli Məclisi Folklorumuzun qorunması haqqında olduqca əhəmiyyətli bir tarixi qərar qəbul etmişdir. Türk xalqlarının ortaq tarixini və mənəvi mədəniyyətini, dilini daha dərindən tədqiq etmək üçün "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" konfransını hər il keçirmək nəzərdə tutulmuş, artıq bu silsilədən V uluslarası folklor konfransı keçirilmişdir. Azərbaycan elmi və mədəni həyatının mühüm hadisələrindən olan "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" uluslararası folklor konfransı milli və siyasi coğrafiyası, beynəlxalq tərkibi, elmi sanbalı, mədəni və siyasi əhəmiyyəti baxımından mötəbər və möhtəşəm beynəlxalq tədbirə çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasının dünya mədəni və elmi həyatına inteqrasiyası istiqamətində bu konfrans son illərin ən iri tədbirlərindəndr. Konfransın təşkili, keçirilmə keyfiyyəti, mədəni proqramları və sairə baxımından yüksək səviyyədə hazırlandı, həm də Folklor İnstitutunun təkcə Azərbaycanın elmi həyatında deyil, eləcə də mədəni-siyasi həyatında da ciddi şəkildə iştirak perspektivlərini, imkan və potensialını ortaya qoymuşdur.
Bu tədbirdə Almaniya, Böyük Britaniya, Türkiyə, İran, Pakistan, İraq, Ukrayna, Çin Xalq Respublikası, Simali Kipr Türk Respublikası, Qazaxıstan, Türkmənistan, Gürcüstan, Dağıstan, Başqırdıstan, Tatarıstan, Qaraçay-Çərkəz, Kabardin-Balkar respublikaları alimlərinin adları və məqalələri yer almışdır. Bütövlükdə götürüldükdə, «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə» uluslararası folklor konfransı elmi, mənəvi, mədəni baxımdan olduqca möhtəşəm bir konfransdır. Konfrans türk dünyasının müxtəlif bölgələrindən gəlmiş alimlərin yalnız elmi ünsiyyətini təşkil etməyərək onların mənəvi birliyini yaratmış, türk alimlərinin simasında türk xalqlarının mənəvi vəhdətinə nail olmuş, şanlı keçmişə malik türkün eyni işarəli gələcəyinin real olduğunu aşkarlamaqla ona doğru gedən yolları göstərmişdir.
Bundan əlavə, Folklor İnstitutu hər il Novruz bayram ərəfəsində Novruz şənlikləri və Aşıq Ələsgər saz-söz bayramı və elmi konfransı təşkil edir.
İnstitutda yüksək ixtisaslı kadrların hazırlanması sahəsində də xeyli işlər görülmüşdür. 2006-ci ildən Folklor İnstitutu nəzdində N.01.201 Dissertasiya Surası fəaliyyət göstərir. İnstitut fəaliyyətə başladığı vaxtdan bəri 50-yə yaxın namizədlik və doktorluq dissertasiyasını müzakirə edib müdafiəyə təqdim etmişdir.
İnstitutda 10.01.09 – Folklorşünaslıq ixtisası üzrə aspirantura fəaliyyət göstərir. 21 aspirant, 50 dissertant folklorşünaslığımızın müxtəlif problemi üzrə elmi-tədqiqat işləri aparmaqdadır.
Daim dövlət qayğısını öz üzərində hiss edən Folklor İnstitutu AMEA-nın ən gənc müstəqil struktur vahidlərindən olmasına baxmayaraq, özündən stratejı elmi proyektinin reallaşması və xalqın milli mənəvi dəyərlərinin qorunması istiqamətində irəliyə doğru addımlamaqdadır.
Folklor İnstitutu folklorun təbliği məqsədilə Azərbaycan televiziyası ilə birlikdə bir sıra layihələr də həyata keçirir. Bu xüsusda ayda iki dəfə ekrana çıxan və çoxsaylı tamaşaçı rəğbəti qazanmış «Ustadnamə» verilişini xüsusi vurğulamaq olar.