Azərbaycan alimləri Türkiyədə elmi simpoziumda iştirak ediblər

S.Rzasoy (solda) və Rövşən Əlizadə
Bugünlərdə AMEA Folklor İnstitutunun əməkdaşları Seyfəddin Rzasoy və Rövşən Əlizadə Türkiyədə keçirilən "Uluslararası Türk Dili və Ədəbiyyatı Simroziumu"nda iştirak ediblər. Türkiyənin divan ədəbiyyatının tanınmış nümayəndəsi Həcatinin ölümünün 500 illiyinə həsr edilmiş tədbirdə çıxış edən alimlərimizin çıxışları böyük maraqla dinlənilib.
Mifologiya şöbəsinin müdiri, tanınmış mifoloq-alim Seyfəddin Rzasoy "Türk kosmopoetik düşüncə ilgiləri və Hecati poeziyası" adlı çıxışında qeyd edib ki, türk etnosunun fiziki və mənəvi kamilliyi onun mədəniyyət gəlişməsinin təməlində duraraq türk şeirində etnosun özünü ifadəsinin ən kamil kodlarından birinə çevirib: "Bu səbəbdən Hecati şeirinin məzmun və biçim mükəmməlliyi ilk növbədə onun təmsil olunduğu türk kosmopoetik düşüncə kodunun kamilliyi ilə şərtlənir. Hecati peziyası özünün məzmun və biçim göstəriciləri ilə mükəmməl hadisədir. Bu kamillik bir neçə faktorla şərtlənir: Hecatiyə bəxş olunan ilahi istedad, türk poetik dil yaddaşının daşıyıcısı olması və s. Hecati divan şairi kimi türkdilli əruz şeirinin nümayəndəsidir. Türk dili dünya mədəniyyətində sadəcə, linqvistik hadisə deyil.
Türk dili ümumdünya mədəniyyətinin kamil poetik kodlarından birini şərtləndirir. Hecati şeirinin məzmun və forma kamilliyinin bir qaynağı əruz vəznində yaşayan gələnəkdirsə, başqa bir qaynağı türk etnosunun dil yaddaşıdır. Türk dili bədii təsvir və ifadə vasitələri bütün kamilliyi ilə Hecati şeirində gerçəkləşmiş əruz vəzninə kodlaşıb".
R.Əlizadə isə bu qənaətdədir ki, 15-ci yüzil türk şeirinin görkəmli nümayəndəsi Hecatidən bizə yadigar qalan divan təkcə bir şairin yox, bütövlükdə türk poetik düşüncəsinin tükənməz və tayı olmayan söz xəzinəsidir: "Hecatinin poetik dühası ona əruz şeirinin zirvəsinə qalxmağa imkan verib. O da bu ilahi tale fürsətindən yararlanaraq türk ədəbi düşüncə kodunun, gerçəkliyə türkün gözləri ilə baxmanın nə olduğunu dünyaya sübut edib. Bu cəhət onun dünya elminin diqqət mərkəzində qalmasının başlıca metodoloji nöqtəsidir". |